Azerbaycanca Bir Öykü

Azerbaycanca bir hikaye yazdım. Çok uzun oldugu için ceviremedim. Çok üzgünüm. Tam sekiz aydır ki, bu hikayeye çalışıyorum. İyi okumalar.

Bütün möhtəşəm hekayələr iki şəkildə başlayır:Ya bir insan səfərə çıxar,ya da şəhərə bir yad insan gələr” (L.N.Tolostoy)

Bizim kəndimiz rayon mərkəzindən kənarda,dağların əhatəsində,kiçik ərazili və bu ərazidə gündəlik işləri ilə məşğul olan təxminən 200-250 nəfər insandan ibarətdir.Əslində bura yeni yaşayış yeri deyil.Keçən əsrin əvvələrindən burada insanlar məskunlaşmış,lakin iqlim şəraitinin çətinliyi,ərazinin dağlıq relyefi,bir azda sivillizasiyadan kənar olmağı zamanla insanların burdan köçməsi ilə nəticələnmişdir.O zamanlarda bütün çətinliklərə baxmayaraq yaşadığı yerə sadiq qalan,indi kəndin ağsaqqal,ağbirçəkləri olan insanlar kəndin tarixindən bizlərə çox danışırlar.Kəndimizin içərisindən keçən çay yaz-yay aylarında xeyli bol sulu olar.Ümumiyyətlə buranın ən gözəl,göz oxşayan vaxtları ilin yaz-yay aylarında olur.Dağların ətəkləri geniş və sakit olar,ətəklərin gün düşən yerlərindəki çiçəklərin rəngi daha parlaq, daha rəngli görünər.Gecikmiş,balaca sava lalələr yaqut kimi şəfəq saçarlar.Ümumiyyətlə təbiət bizim kənddən heç bir gözəlliyi əsirgəməyib.Təmiz hava,gur axan çay və ən əsası başı qarlı dağlar.Payız-qış aylarında artıq kənddə həyat xeyli çətinləşir.Dağlıq relyefdə yaşadığımız üçün tempratur xeyli aşağı olur,yağış,qar demək olar ki,bir-birin əvəz edər.Yağan qar günlərlə əriməyib buz bağlayar bu da maşınların hərəkətinə maneə yaradar.Kənddə çiy kərpicdən tikilmiş,ətrafı qamış hasarlardan ibarət olan yaşayış evləri,bir məktəb,kitabxana,isti aylarda günəş əyildikdən sonra kəndin ağsaqqallarının toplaşıb gördüklərindən,eşitdiklərindən danışdıqları,həyətində bir neçə tut ağacı olan kiçik çayxana vardır.Məktəbimizin şəraiti çoxda yaxşı olmadığı üçün qış aylarında demək olar ki,uşaqlar otaqlarda isidicilər olmadığından məktəbə getməzlər.Çətin dağ relyefində yaşadığımızdan kənddə müəllim çatışmazlığımız da var.Adətən,buraya yeni müəllimlər gəlməz.Məktəbdə işləyən müəllimlər də rayonun özündə yaşayıb,oradakı Pedoqoji kolleci bitirən gənclər olurlar.
Bir nəfər Azərbaycan dili və ədəbiyyat,bir nəfər tarix,bir nəfər kimya-biolgiya,iki nəfər də riyaziyyat müəllimi var.Digər fənlərdən isə demək olar ki,müəllim yoxdu.Buna da səbəb kollecdə həmin ixtisasların tədris olunmaması,başqa yerlərdən də imtahandan keçib bal toplayaraq gələn müəllimlərin burda 2-3 ay qalıb işlədikdən sonra çətinliyə dözməyib geri qayıtmaları olur.Kəndin kitabxanasının isə qapısı demək olar ki,açılmaz.İçərisində olan kitabların isə heç qatı açılmamış,bir cümləsi də oxunmamışdı.Kənddə nəqliyyat vasitələri də çox deyil.Şamil dayının “UAZ”ı,məktəbin direktoru Elxan müəllimin “Niva”sı ,bir də rayon mərkəzindən kəndə işləyən Rafiq dayının el arasında “Alabaş” adı verilən “KAVZ” markalı sərnişin avtobusu var.Rafiq dayı kəndin köhnə sakinlərindəndir.Mən gözümü açandan hər gün saat 11-də kəndin çayxanasının qarşısından rayon mərkəzinə gedəcək adamları apararaq axşam saat 17:00-da gəri gəldiyini görmüşəm.Rayon mərkəzinə gedənlər isə müxtəlif səbəblər üçün gedər.Kimisi ərzaq almaq üçün,kimisi həkimə,kimisi başqa yerdə işləyən övladı üçün bağlama göndərir.İllərdir camaatımız bu cür yaşayış tərzinə alışıb həyatlarını yaşayırlar.Bizim kəndə yeni insan demək olar ki,gəlməz.Gələnlər də tədris ili başlayanda təyinatla buraya düşmüş müəllimlər olur,onlarda dediyim kimi 2-3 ay qaldıqdan sonra buranı tərk edirdilər.Biz artıq bu vəziyyətə alışıb yaşayırdıq.Beləcə günlər həftələri,həftələr ayları,aylar da illəri əvəz edirdi…
İlin yay fəsli,aylardanda avqust ayının ortaları idi.Gündəlik həyat tərzimizlə məşğul idik.Artıq axşam tərəfi idi.Bizdə onsuz da yay ayı çoxda isti keçməz amma yenə də günorta saatlarında hər kəs öz evinə çəkilər sakitlik olardı.Axşamçağı artıq günəş dirsəklərini üfüqə dayayıb yer üzünə tamaşa edərkən,batıb getməyə ürəyi gəlməyən vaxtı insanlar həyətə çıxardılar.Uşaqlar oyunlar oynayar,qadınlardan kimisi toplaşıb ya söhbət edərlər,ya təndirə çörək yaparlar,ya yun əyirərlər.Kəndin kişiləri də çayxananın həyətinə toplaşaraq domino,nərd oynayarlar, ya da ki söhbətlər edərlər.

Yenə də belə bir günlərdən biri idi.Axşamçağı Rafiq dayı səhər rayon mərkəzinə apardığı adamları geri qaytarırdı.Avtobusdan hər kəs düşdükdən sonra bir nəfər də gənc düşdü.Bu gənc təxminən 24-25 yaşlarında ucaboy,qaragöz,məğrur duruşlu biri idi.Saçları da gözləri kimi qapqara idi.Üzünün cizgiləri düzgün və yaraşıqlı idi.Əynində qəhvəyi rəngli şalvar,göy zolaqlı köynək,ayağında qara ayaqqabıları vardı.Çiynində kiçik çantası və geyimləri olan böyük ölçülü sport çantası var idi.Düşdükdən sonra çantalarını gətirib çayxananın divarının yanına qoyaraq gəlib insanlara salam verdi.Onun baxışında,səsində təravətli,mehriban,qayğısız və şən bir ifadə var idi.Gülümsəyərkən ağ,sağlam dişləri görünürdü.Rafiq dayı hər kəsin əşyalarını verib yola saldıqdan sonra yanımıza gəlib bu oğlanın adının Ümid müəllim olduğunu söylədi.İşə qəbul imtahanından 59 bal toplayaraq Bakını seçə biləcəyi halda bizim kəndi seçmişdi.İxtisası Azərbaycan dili və ədəbiyyatı idi.Açığı biz hamımız düşündük ki,bu müəllim də digər müəllimlər kimi qış qapını döyəndə çətinlikləri görüb çıxıb gedəcək.Təbii ki,bu o an üçün olan düşüncəmiz idi.Zamanın bizə nə göstərəcəyin ordakılardan kimsə bilə bilməzdi.Ümid müəllim hər kəslə salamlaşıb,qismən tanış olduqdan sonra Rafiq dayı ilə birlikdə bir masaya əyləşdilər.Kəklikotu ilə dəmlənmiş pürrəngi çaydan içib söhbət edirdilər.Ümid müəllimlə təxminən eyni yaşlarda olardıq.Kəndimizdə mənimlə yaşıd olanların bəziləri əsgərlikdə,bəziləri çörək pulu qazanmaq üçün başqa yerlərə üz tutmuşdular.Mən isə atamı vaxtsız itirdiyim üçün anamla bacımı tək qoyub başqa yerdə işləməyə gedə bilmədim.Müəllimin özünü yad hiss etməməsi üçün mən stolumu götürüb “icazə varmı məllim?” soruşanda “təbii ki,o nə sözdü” deyərək mənim stoluma əli ilə toxunaraq yanına doğru çəkdi.
-Adınız nədir?
-Cəsur
-Çox şad oldum sizlə tanışlığa.

-Məllim mənə sadəcə Cəsur deyin.Səmimiyyətimə görə mənə təşəkkür etdi.Bizim bu müəllim deyəsən bura gələnlərə heç bənzəmirdi.Bu fikrim görək məni yanıldacaq,yoxsa düz fikrdə olduğumu görəcəm…
Biz Ümid müəllimin harda qalacağını da təyin etdik.Bizim kənddə hər kəsin Sevil xala dediyi bir xala var.Yoldaşını xəstəlikdən itirdikdən sonra,oğlunun biri şəhid olub digəri isə pul qazanmaq üçün şəhərdə fəhləliklə məşğul olmağa gedib.Sevil xalanın qaldığı evin həyətində bir otaqlı,kiçik çiy kərpicdən tikilmiş,üstü küləş bir ev var idi.Kəndə gələn müəllimlərdən vaxtı ilə orada qalanlar olmuşdu.Onun evi məktəbə yaxın olduğu üçün Ümid müəllimə də oranı məsləhət etdik və Rafiq dayı ilə birlikdə müəllimin əşyaların avtobusa qoyub Sevil xalanın evinə getdik.Sevil xala həyatda çox əzablar,ağrılar görsədə,tək olduqda dörd divar arasında nələr çəkdiyini Yaradandan başqa kimsə bilməsə də amma qapısına gələn hər kəsi gülərüzlə qarşılayardı.Biz həyətə çatdıqdan sonra mən maşından düşüb Sevil xalanı səslədim.Bir azdan o həyətə çıxdı.
-Sənə qurban salam,bala
-Salam Sevil xala,necəsən?
-Kefin yaxşı olsun, bala,şükür bu günə.
-Sevil xala, sənə qonaq gətirmişəm.
-Qonaq Allah qonağıdır, xoş gəlib,səfa gətirib.
Ümid müəllim həyətə daxil olub Sevil xala ilə tanış oldu.Rafiq dayı müəllimin çantaların gətirərək otağın qapısına qoydu.Sevil xala ilə hal-əhval tutdu,sonra da Ümid müəllimə “məllim mənə görə qulluğun”?,müəllim də “əziyyətinizi halal edin,zəhmət çəkdiniz,Allah razı olsun” dedi.Rafiq dayıya sən get, mən sonra gələcəyəm dedim.Mən qalıb müəllimə kömək etməyi düşündüm,ilk gündən tək qoymaq düz olmaz.Ümid müəllimlə birlikdə otağa daxil olduq.İçərisində tək nəfərlik bir yataq,yazı stolu və iki oturacaq,birdə kiçik dolab olan bu otaq işıqlı idi.Görünür, Sevil xala bu otağa daim nəzarət edirmiş,çünki otaq təmiz və səliqəli idi.

Müəllim çantasını açaraq əşyalarını dolaba yığarkən,mən də kitablarını masanın üzərinə yerləşdirdim.
-Məllim sizə bir sual verim,amma inciməyin
-Buyur,Cəsur
-Məllim yetəri qədər bal toplayaraq şəhərdə rahat mühitdə,əl-ayağınız təmiz işə gedib-gəlmək əvəzinə niyə buranı seçdiniz?
-Cəsur,bilirsən əsl vətəndaş üçün vətəninin hər yeri rahatdır.Əgər hər kəs rahatlığı seçərsə, bəs mənim millətimin bu ucqar yerlərində olan balalarına kim kömək edəcək?Kim onları vətən-millət üçün layiqli övlad olmalarına yardım edəcək?Əgər bu vətənin torpağına ayaq basıb,havasın udub,suyun içiriksə, ona layiq olub vətənə xidmət edəcəyik.Təkcə səngərdəki əsgər vətənə xidmət etmir ki.Müəllim,həkim,polis hər kəs gücü yetdiyi qədəri ilə xidmətdə olmalıdır.
-Anladım, məllim.(O an bu müəllimin necədə doğru insan kimi yetişdiyinə həsəd apardım.Kaş ki,şagird olardım və belə bir vətənpərvər,işini sevən bir müəllim mənə dərs deyərdi.Bəlkə də ,onda hər şey tam fərqli olardı…)Sonra Sevil xala əlində padnos içəri daxil oldu.
-Nə əziyyət çəkirdiniz, Sevil xanım
-Nə əziyyət bala.Sən haralardan bizim üçün bura gəlmisən mən indi burdan-bura gəlmişəm əziyyət olacaq?Özdəki Sevil xanım yox, Sevil xala
-Yaxşı,Sevil xala.
-Nəsə lazım olsa, çəkimədən de,sən də mənim oğlum
-Allah razı olsun
-Cümləmizdən,bala.Allah cavanlara dəyməsin.
Sonra Sevil xala getdikdən sonra mən düşündüm ki,müəllim uzaq yoldan gəlib dincəlsin.
-Məllim mən icazənizi istəyim
-İcazə sənindir, Cəsur.Hər şey üçün təşəkkürlər.Cəsur,səndən bir şey xahiş edə bilərəm?
-Əlbəttə ki,məllim
-Səhər İnşallah saat 09:00-da vaxtın olar?Birlikdə kəndi gəzib,tanımaq istəyirəm

-Mənim bu gözlərim üstə, məllim.
-Çox sağ ol
-Hələlik,məllim
-Xoş getdin
Səhər yenicə doğan günəş ağacların baş tərəfini işıqlandırmağa başlayanda yerimdən qalxıb həyətə düşdüm.Hava sakit və ilıq idi.Quşların ciggiltisi,cırcıramaların biaram səsi,çayın şırıltısı adama zövq verirdi.Bu gün müəllimə sözümün olduğunu xatırladım.Səhər yeməyini yedikdən sonra hazırlaşıb evdən çıxaraq Ümid müəllimin qaldığı yerə getdim.Həyətə daxil olanda müəllimin baxçada olduğun görüb yanına getdim
-Sabahınız xeyir,məllim
-Salam,Sabahın xeyir olsun,Cəsur
-Gecəni necə keçirdiniz?Rahat yata bildiniz?
-Çox əla.Hər şey yaxşı idi.
-Sevindim
-Cəsur,gedək?
-Necə istəyirsiniz
Biz müəllimlə evdən çıxaraq yavaş-yavaş irəliləməyə başladıq.Kəndimizdə məktəb və kitabxananın olduğunu ona söylədim.İlk olaraq məktəbi görmək istədi.Məktəb müəllimin qaldığı evə çox yaxın olduğu üçün tez vaxtda çatdıq.Bizim məktəb köhnə tikili idi.Damı xeyli köhnəlmiş,yağışlar çox yağdıqda məktəbin içərisinə su damırdı.Məktəbin həyətində bir neçə çinar ağacı,bir də alçaq hasar var.Biz müəllimlə məktəbin içərisinə daxil olduq.Köhnəlmiş qapının cırıldaması,döşəmənin artıq sıradan çıxaraq ayaq altında tərpənməsi,köhnə sinif otaqları,qırıq stol və stullar,kiçik yazı lövhələri,şüşəsi parçalandığı üçün kardon kağızdan pəncərəyə edilmiş yamaq məktəbimizin iç görünüşü idi.
-Cəsur,məktəbiniz belə vəziyyətdə olduğu üçün niyə Təhsil Nazirliyinə müraciət etməmisiniz?
-Məllim,Allah kömək olsun onu edəcək insan hardadı bizdə?Bura gələn məllimlər 3 aydan artıq burda qalmır,işləyən məllimlər də rayonun özündəndir, onlar da məktəbə uşaq gəlmədiyi üçün ilin əvvəlində bir-iki ay gəlirlər, sonra da heç üzlərin görmürük.
Valideyinlər də heç payızdan sonra soyuq olduğu üçün siniflərdə isidici olmadığından uşaqlar xəstələnər deyə dərsə qoymurlar.
-Mən bu işlə günü bu gün maraqlanaram
Sonra müəllim kitabxanaya getmək istədi və biz oraya getdik.Kitabxana kəndin qurtaracağında tikilmişdi.Arxasından çay axır,önündən kəndin evləri görsənirdi.Kitabxananın açarı işçi Emildə idi.Emil kitabxananın yanında yaşayır.Hasardan onu səsləyib,açarı gətirməsini istədim.O,açarları gətirib mənə verib,müəllimlə də salamlaşdı.Kitabxana elə də böyük deyildi.Onun da damı köhnəlmiş və sıradan çıxmışdı.Mən qapını açaraq müəllimə yol verdim.Otaqdan boğuq rütubət və kif qoxusu gəlirdi.Masanın üzərində olan qəzet və jurnallar saralmışdı.Müəllim pəncərəni açdı.Bura bir az əl gəzdirmək və müraciət ünvanlayıb yeni kitablar göndərmələrini demək lazımdı deyərək rəflərə baxırdı.Artıq xeyli vaxt keçmişdi və biz buradan çıxaraq Ümid müəllimin evinə tərəf yol aldıq.Çatdıqdan sonra müəllim məni içəri dəvət etdi.Nəzakətsizlik olmasın deyə qəbul edib içəri daxil oldum.Əyləşməyim üçün yer görsətdikdən sonra özü də digər masada əyləşdi.Kiçik çantasını açaraq kompüterin çıxarıb masanın üzərinə qoydu
-Həə Cəsur indi lazımı yerlərə müraciətlərimizi bildirək
-Məllim, sizcə faydası olacaq?
-Yaşayıb görəcəyik…
Xeyli müddət kompüter arxasında olan müəllimdən izn istəyib evə gəldim.
Bir müddət sonra məkəblər açıldı.İlin bu vaxtı hələ ki quraqlıq olduğu üçün məktəbə gedənlər çox olardı.Bu il Ümid müəllimdən başqa yeni müəllim gəlməmişdi.İlk gün direktor Elxan müəllim Ümid müəllimi şagirdlərlə tanış etdi.Ümid müəllim də öz növbəsində hər kəslə salamlaşıb uğurlar arzu etdi.Bu müəllimin səsində həqiqətən insana “ümid”verən nələrsə var.Artıq dərslər başlamış həyat öz qaydasında davam edirdi.Ümid müəllim uşaqlarla çox yaxın dost olmuşdu.Uşaqlarda məktəbə qarşı bir başqa məhəbbət yaranmağa başlamışdı.Ümid müəllim uşaqlara yaxından qayğı göstərir,hətta boş vaxtlarında uşaqları ətrafına yığıb onlara hekayələr danışır,bəzən onlarla oyunlar belə oynayırdı.Doğurdan da,məktəbəmizə yeni abu-hava gəlmişdi.Sanki illərdir gördüyüm məktəb deyildi.Bir müddət sonra məktəbimizə Bakıdan bir neçə nəfər gəldiyin eşitdik.Hər kəsə qəribə gəldi ki Bakıdan bura kim, niyə gəlsinki?Məlum oldu ki,bu adamlar Təhsil Nazirliyindən gəliblər.Ümid müəllimin məktəbin vəziyyəti haqda olan məktubun alıb gəliblərmiş.Direktor və Ümid müəllim onları məktəbin hər tərəfin göstərərək məlumatlar verdilər.Onlar qeydlər götürüb xəbər edəcəklərini söylədilər.
Ümid müəllim bir də kitabxana barəsində məlumat verib xahiş etd ki, mümkün olduqca yeni kitablar göndərsinlər.Bunu da qeydə alıb sağollaşaraq getdilər.Ümid müəllim gecə-gündüz demədən çalışır,uşaqlar üçün maraqlı tədbirlər,oyunlar hazırlayır.Artıq hər kəsin sevimlisi olur “bizim Ümid məllimimiz”.Uşaqlar onu belə adlandırırdılar.Uşaqlara demişdi ki,hər kəs gözəl rəsm çəkib gətirsin.Əvvəl uşaqlara qəribə gəlmişdi amma yenədə çəkib aparmışdılar.Hər bir sinifdə olan şagirdlərin çəkdiyi şəkilləri öz sinif otaqlarının divarlarına asmışdı.Mən müəllimdən bunu soruşanda dedi ki,Cəsur bilirsən ki,sinif otaqları çox ağır vəziyyətdədir.İstəmirəm uşaqlar bu vəziyyətin içində hər gün eyni şeyləri görüb ümidsiz olsunlar.Qoy divarlarda öz çəkdikləri al-əlvan şəkillər olsun.Açığı çox dərin düşüncə sahibi idi bizim bu müəllim.Bir gün Ümid müəllimin çox sevincli olduğunu gördüm.Xeyirdimi, məllim?-deyə soruşdum.
-Həm də nə xeyir, ay Cəsur.Axşam mənə məktub gəlmişdi.Bizim üçün yeni məktəb binasının tikilməsi qərara alınıb.Bundan gözəl xəbərmi olar?Tez vaxta xəbər kəndə yayıldı.Hər kəs sevinc içində müəllimə təşəkkür edib,dua edirdilər.Həqiqətən çox yaxşı adam idi müəllim.Sonra inşaatçılar gəlib məktəb üçün uyğun yeri seçdilər.Yük maşınlarının gəliş-gedişi başlamışdı.Kəndin adamları da onlara kömək edirdilər.Ümid müəllim də dərsdən sonra köməyə gələrdi.Tez bir zamanda artıq məktəb binası hazır olmuşdu. İşlər öz yolunda gedərkən bir gün içi kitablarla dolu bir maşın kəndə daxil oldu.Bu da Ümid müəllimin təşəbbüsü idi.Ümid müəllim kitabxananı təmizləmadən kitabları ora aparmaq düzgün olmaz deyib məni sürücü ilə birlikdə onun evinə getməyimi və kitabları hələ ki ora yerləşdirməyimi söylədi.Mən onun dediyi kimi edib kitabları evə yığdım.Sonra məktəb tikintisi olan yerə gəlib müəllimə işi həll etdiyimi söylədim.Ümid müəllim əgər bir işim yoxdusa kitabxanaya gedib oranı sahmana salmaq üçün yardım etməyimi istədi.Təbii ki,razı olaraq kitabxanaya getdik.Ümid müəllim kitabxananın lazımı olan ehtiyaclarını qeyd götürüb sabah Rafiq dayının rayon mərkəzindən alması üçün verəcəyini söylədi.Ertəsi gün axşamçağı Rafiq dayı deyilənlərin hər birini alaraq kitabxanaya gətirdi.Ümid müəllim,mən və kəndin bir neçə sakini işə başladıq.Kimi divarları boyadı,kimi sıradan çıxmış qapı-pəncərəni təmir etdi,kimi həyətdiki alaq otlarını təmizlədi.Bir sözlə hər birimiz canla-başla Ümid müəllimə kömək etdik.Axşam çox yorulsaq da amma çox gözəl iş çıxarmış olduq.İşləri tamamladıqdan sonra evlərimizə getdik və qərara aldıq ki,səhər kənddən bir neçə qadın kitabxananın təmizlik işlərini etsin.Səhər erkəndən mən anam və bir neçə qadınla gəlib kitabxananın təmizliyini etdik.Xanımlar təmizlik edib bitirəndən sonra həyətdəki kitab rəflərini gətirib səliqə ilə yerləşdirdim.Sonra özümlə bir neçə nəfər də götürüb müəllimin evinə gedib kitabları gətirib kitabxanaya qoyduq.Amma rəflərə yerləşdirmək üçün Ümid müəllimin gəlməsin fikirləşdik.Ümid müəllim dərs bitəndən sonra kitabxanaya gəlib təmizliyi,kitabların burda olduğunu görüb bizə təşəkkür bildirməyi də unutmadı.Çox təvəzökar

insan idi.Bizim üçün bu qədər etdiyi şeyin qarşısında etdiyimiz kiçik şeylərə görə bizə təşəkkür edirdi.Ümid müəllim kitabları əlifba sırası ilə rəflərə düzüb səliqəylə yerbəyer etdi.Artıq kitabxanamız tam hazır olmuşdu.Müəllimin əli dəydiyi hər yerdə sanki canlanma olurdu.Kitabxanın əvvəlki halından əsər-əlamət qalmamışdı.Gələn kitabların içərisində uşaqlar üçün olanları da var idi.Ümid müəllim onlardan bəzilərin seçib məktəbdə uşaqlar üçün oxuyardı.Kitabxanaya gəlib-gedənlər olmağa başlamışdı.Bəzi valideyinlər uşaqlar üçün olan kitabları aparıb onlar üçün oxuyardılar.Hətta kitabxanamız kəndin insanın mənəvi cəhətdən dincəldiyi yer olmuşdu.Axşam vaxtlarında tarladan qayıdan yorğun kənd camaatı burada dinclik tapırdılar.Ümid müəllim kənddəkilərlə birlikdə bir neçə palaz təşkil edərək kitabxanaya gətirmişdi.Axşamlar hava sərinlədikdən sonra palazları kitabxananın həyətinə sərər,ağır əmək nəticəsində yorulan insanları ətrafına yığıb,onlar üçün müxtəlif kitablar oxuyardı.Bu kitablardan oxuduğu müxtəlif şeirlər,hekayələr hər kəsə zövq verərdi.Ümid müəllim hərdən kəndin ağsaqqlarının toplaşdığı çayxanaya gedər onlarla müxtəlif mövzularda söhbətlər edər,qocaların həyat hekayələrini dinləyərdi.Ağsaqqallar arada müəllimdən şeir deməyini də istəyərdilər.Müəllimin nitqi səlis və aydın idi.Ona görə də qulaq asdıqca adamın qulağı yorulmurdu.Bir dəfə Ümid müəllim rəhmətlik Bəxtiyar Vahabzadənin “Qocalıq” şeirini səsləndirdikdə hər kəsin simasında qəribə bir kədər yarandı.
Çənə əl üstündə,əl çomaq üstündə
Qocalar əyləşir tin başlarında
Sinə bayatılı,könül şikəstə
Ömür varaqlanır yaddaşlarında.
Bizim kəndimiz Ümid müəllim gəldikdən sonra çox dəyişdi.Məktəbin 11-ci sinif şagirdləri üçün dərsdən sonra pulsuz məşğələlər keçirməyə başlamışdı.Uşaqlar çox məsuliyyət və sevgi ilə ali məktəbə daxil olub Ümid müəllim kimi biri olmaq istəyirdilər.Məktəb binası artıq dekabr ayının ortalarında hazır olmuşdu.Məktəbə ad verilməsi məsələsi çox düşünüldü və sonda bizim öz torpaqlarımızda azad şəkildə gəzməyimiz üçün öz canlarından keçən şəhidlərimizə təşəkkür əlaməti olaraq onların timsalında Sevil xalanın oğlunun adının verilməsini qərara aldıq.Bu xəbəri eşidəndə Sevil xalanın gözlərindəki fərəh göz yaşı hər kəsi kövrəltmişdi.Şagirdlər çox böyük həyəcanla yeni binada olmaq istəyirdilər.Hər kəs çox xoşbəxt görsənirdi.Hər il qış aylarında isidicisi olmayan sinif otağlarına daxil olmaq istəməyən şagirdləri bu il heç bir soyuq qorxutmurdu.Çünki onların məkəbi artıq istiliklə tam təmin olunmuşdu.Sinif otağlarında əvvəl üst geyimdə oturan uşaqlar artıq çox rahat şəkildə sadəcə məktəbli geyimi ilə əyləşirdilər.Uşaqlar yağış qar demədən hər gün məktəbə gəlirdilər.Bunun iki səbəbi var idi.Başlıca səbəb o idi ki,uşaqlar Ümid müəllimin sevgisindən həvəslənib dərsə gəlirdilər,digəri səbəb də yeni məktəb binasının olması idi.
Səbəb nə olursa olsun ən böyük təşəkkür Ümid müəllimə düşürdü.Hər şeyə vəsilə olan o idi.Bu qədər işlərin içində hətta qar yağanda dərs aralarında şagirdlərlə qar topu oynamağada fürsət yaradırdı.Etdiyi hər bir şey uşaqlarda sevinc,xoşbəxtlik hissləri yaradırdı.Beləcə zaman keçmiş və yaz fəslinin ətri duyulmağa başlamışdı.Təbiət yavaş-yavaş ağ libasını soyunub yaşıl rəngə bürünürdü.Dağların ətəklərindəki çiçəklər insanın gözün oxşayırdı.Ətraf canlanmağa başlamışdı.Neçə vaxtdır sırf dərsləri ilə məşğul olan 11-ci sinif şagirdləri üçün Ümid müəllim nəisə bir şey etmək istəyirdi və sonunda uşaqları heç vaxt getmədikləri Bakıya aparmağa qərara aldı.Rafiq dayı ilə danışıb gün təyin etdilər.Uşaqlar çox həyacanla bu günü gözləyirdilər.Nəhayət həmin gün gəlib çatdı.Ümid müəllim uşaqları Bakıya apararaq gəzməli,görməli yerləri göstərmişdi.İlk dəfə paytaxta gələn uşaqlar gördükləri çox şeylərə təəccüblə baxırdılar.Şəhərin izdihamı,yüksək mərtəbəli binaları,tarixi əhəmiyyətli yerlərini gördükcə onlarda şəhərə qarşı maraq oyanırdı.Ümid müəllim onlara bu gördükləri həyatın heç də əlçatmaz olmadığını söylədi.Əgər ali məktəbə ciddi şəkildə hazırlaşarlarsa artıq bir neçə aydan sonra onlar bu şəhərin sakini ola biləcəklər.Uşaqlar oradan qayıdandan sonra günlərlə təəssüratlarını paylaşıb,gəzintini çox sevdiklərini söyləmişdilər.Bu da uşaqlar üçün bir motivasiya olmuşdu.Dərs ilinin sonunda Ümid müəllim özü uşaqların son zəngi üçün möhtəşəm bir tədbir hazırlamışdı.Müəllimlər,valideynlər,şagirdlər hər biri iştirak edirdilər.Bizim məktəbdə bu günə qədər belə bir son zəng tədbiri keçirilməmişdi.Hər kəs Ümid müəllimə bu günə qədər etdiyi hər bir şeyə görə təşəkkür etdi.Artıq qəbul imtahanları başlamışdı.Ümid müəllim özü imtahanda iştirak edən uşaqları Rafiq dayı ilə birgə Bakıya aparıb imtahanda iştiraklarını təmin etmişdi.Uşaqlar imtahandan gələndən sonra hər şeyin yaxşı keçdiyini söyləyirdilər.Bir neçə gün sonra cavablar açıqlandıqda bütün kənd sevinc içində idi.İmtahanda iştirak edən bütün şagirdlər ali məktəbə qəbul olmuşdular.İlk dəfə idi ki,kənddən ali məktəbə qəbul olunan şagirdlər olurdu.Hətta bir neçə şagird yüksək bal toplamışdı.Bizim kəndimiz müəllimə necə təşəkkür edəcəyin artıq bilmirdi.Ümid müəllim gəldiyi gündən bizim üçün çox şeylər etdi.Açığı biz onun digərləri kimi qış aylarında çıxıb gedəcəyini düşünürdük amma bizləri yanıltdı.Ümid müəllimin bir planı da var ki,köhnə məktəb binasın təmir etdirib uşaq baxçası kimi fəaliyyətin davam etdirsin.Yəqin ki o bunu da etməyi bacaracaqdı.Beləcə biz gələcəkdə olacaqlardan xəbərsiz şəkildə gündəlik həyatımızı xoş keçirirdik.Ta ki o günə qədər…
Həyat öz axışında davam edirdi.Havalar soyumuş yağışlı,qarlı günlər başlamışdı.Dediyim kimi bizim kənddə qış ayları xeyli çətin keçirdi.Rayon mərkəzindən kəndimizə gələn yol qayanın üzərindən idi.Qayanın aşağı hissəsində yağan qar buz bağlamasa da,amma yüksəkliyə doğru qalxdıqca tempratur aşağı endiyi üçün yollar buz bağlayırdı və bu da maşınların hərəkətini xeyli təhlükəli və çətin edirdi.Onsuz da kəndimizə gəlib-gedən çox olmazdı,qışda isə bu vəziyyət tamam azalardı.

Hər gün rayon mərkəzinə adamları aparan Rafiq dayı da bəzən şiddətli qar yağdığı zaman kənddən çıxa bilməzdi. Yenə də qışın soyuq,şaxtalı günlərindən biri idi.Axşamdan yağan qar hər tərəfi ağ rəngə bürümüşdü.Səhərə doğru qarın yağması kəsilsə də, hava çox soyuq idi.Həftənin şənbə günü idi.Məktəbimiz beş günlük iş rejimində çalışdığı üçün bu gün dərs yox idi.Bizim Ümid müəllimin ailəsi uzaqda yaşadığı üçün valideyinlərini ziyarətə gec-gec gedərdi.Neçə vaxtdır ki, havalar soyuduğundan evlərinə gedə bilmirdi.Cümə günü axşam ailəsi ilə əlaqə saxlayanda(hər gün valideyinlərini yığıb halların soruşardı)anasının səsində naxoşluq hiss etdiyi üçün səhər evlərinə getməyi qərara alır.Evlərinə gedəcəyin valideyinlərinə bildirmir.İstəmir ki,narahatçılıq keçirsinlər.Şənbə günü Ümid müəllim Rafiq dayı rayon mərkəzinə gedəndə onunla birlikdə gedir.Mərkəzdən digər şəhər və rayonlara nəqliyyat vasitələri işləyir.Ümid müəllim vaxt itirməmək üçün birbaşa taksi ilə evlərinə getmiş olacaqdı ki,mən axşamçağı evlərinə çatdığını soruşmaq üçün zəng vurduqda artıq evdə olduğunu söyləmişdi.Nə vaxt geri dönəcəyini soruşduğumda bazar günü axşama tərəf Rafiq dayı kəndə qayıdanda onunla qayıdacağını demişdi.Mən daha müəllimin vaxtını almayıb sağollaşmışdım.Doğrudan da,insan kiminləsə sonuncu dəfə danışdığını ağlına gətirmir.Mən də o gün bilmirdim ki,Ümid müəllimlə sonuncu dəfə danışırammış.Bəlkə də o gün bilmiş olsaydıq ki,Ümid müəllim bizdən həmişəlik ayrılır heç onu qoymazdıq getməyə.Amma həyatın 5 dəqiqə sonra nə gətirəcəyin heç birimiz təxmin edə bilmirik.Beləcə səhəri gün olacaqlardan xəbərsiz şəkildə həyatımıza davam edirdik.Axşam hava daha da soyudu.Şiddətli külək və qar yağdığından heç evdən bayıra çıxmaq olmurdu.Bu cür hava səhərdə davam etdi.Bərk şaxta olduğu üçün axşam yağan yerdə buz bağlamışdı.Bununla bərabər səhər yenə də qar yağmağa davam edirdi.Hava belə olduğu üçün Rafiq dayı bu gün işə çıxa bilmədi.Çünki bu cür havada yola çıxmaq çox təhlükəli idi.Bu gün baş verən hadisədən sonra həmişə Rafiq dayı deyir ki,kaş o gün nə olursa olsun işə çıxmış olardım.Olub-olacaqlara heç kəs mane ola bilməz.Olacaq olan qismətdə varsa olur.Ümid müəllim planlamışdı ki,bazar günü saat 16:00-17:00 arası rayon mərkəzinə çatsın və Rafiq dayı ilə bərabər kəndə gəlsin.Mən Rafiq dayıya bu gün Ümid müəllim axşamçağı səninlə kəndə gələcəyini demişdi ona xəbər verək ki,sən bu gün mərkəzə getməyəcəksən.Biz bir neçə dəfə müəllimi yığsaq da telefonuna zəng çatmamışdı.Sonradan bildik ki,bütün ölkə ərazisində hava küləkli olduğu üçün müəllimgilin yaşadığı yerdə elektrik naqilləri külək nəticəsində qırılmış və bir neçə gün həmin kənddə elektrik enerjisi olmub.Ümid müəllimində telefonunun enerjisi bitdiyindən sönübmüş.Ümid müəllim bazar günü 11:00-12:00 radələrində evlərindən çıxıb yenədə tez gəlmək üçün taksidən istifadə etmişdi.Rayon mərkəzinə gəlib çatdıqda orada Rafiq dayının avtobusunu görmədikdə bir müddət onu gözləmək qərarına gəlib.Çünki müəllim Rafiq dayı ilə rayon mərkəzinə çox getmişdi.Bilirdi ki,bəzən olur ki,kənddən kimsə Rafiq dayıya almaq üçün nəyisə tapşırardı.Rafiq dayı da qiymət sərfəli olan yerdən tapşırılan şeyi tapıb alardı.Yenə də belə vəziyyət olduğun düşünüb Rafiq dayını gözləməyə qərar alır.Amma nə qədər gözləsədə heç bir mənası olmamışdı.Müəllimin telefonu sönüklü olduğu üçün Rafiq dayının nömrəsin əzbər bilmədiyindən onunla əlaqə saxlaya bilmədi.Sanki o gün hər şey Ümid müəllimə qarşı olubmuş.Müəllim gec saatlara qədər gözlədikdən sonra artıq gözləməyin əhəmiyyətsiz olduğun qərara alır və kəndə gəlmək üçün bir yol tapmağa çalışır.Bizdə rayon mərkəzində kəndlərə getmək üçün taksilər dayanar.Amma bizim kəndin yolu dediyim kimi qayalıq ərazidən keçdiyi üçün qış aylarında taksilər gəlməkdə çətinlik çəkərlər.Ona görə də əksəriyyət sürücü getməz.Ümid müəllimdə sürücülərə kəndə onu aparmalarını desədə yola görə şoferlər imtina etmişdilər.Amma içlərindən bir nəfər müəllimin çarəsiz olduğun görüb onu apara biləcəyini demişdi.

Yolda maşının təkərlərinin sürüşəcəyin nəzərə alan sürücü əvvəlcədən ehtiyatın almışdı.Maşının təkərlərinə təhlükəsizlik zəncirlərin bağlamışdı.Həmin zəncirlər buzlu yolda sürüşmənin qarşısın alır.Və beləcə onlar yola çıxmışdılar.Kəndə gələn düz yolu gəldikdən sonra qayalığın aşağısından sonra yuxarıya doğru qalxmaq artıq çətinləşmişdi.Aşağılarda yağan qar elədə buz bağlamadığı üçün orda hərəkət mümkündü.Yüksəkliyə qalxdıqca isə maşının idarəsi təhlükəli vəziyyət almışdı.Sürücü nə qədər cəhd etsədə maşının yolda sürüşdüyünü görüb artıq irəli gedə bilməyəcəyin müəllimə deyib.(Bu sürücü də,sonralar Rafiq dayı kimi peşmançılıq çəkirdi).Müəllim isə necə olursa olsun lap piyada da olsa bu gecə kəndə getməli olduğunu deyib.Amma sürücüyə də çətin vəziyyət olduğu üçün geri dönüb getməsini söyləyib.Sürücü istəməsədə amma mümkün olmadığı üçün geri qayıtmışdır.Axşam saatlarında hava daha kəskin şaxtalı olur.Soyuq adamın iliyinə qədər işləyib,qılınc kimi kəsirdi.Şaxta olduğu üçün adam bir yerdə dayana bilməz, amma yerdə də qar olduğu üçün yerimək də xeyli çətin olar.Çətinliyi artıran bir məqamda havanın qaranlıq olması idi.Ümid müəllim qarlı,küləkli,qaranlıq havada mübarizə apararaq səhər dərs başlayana qədər kəndə çatıb onu gözləyən şagirdlərinin qarşısına çıxmağı planlayırdı.Bir yazıçının da dediyi kimi “həyat sən planlar qurarkən başına gələnlərin özüdür”.Ümid müəllim xeyli gəldikdən sonra artıq kəndin evlərinin göründüyü yerdən çox təəssüf ki daha irəliləyə bilməmişdi.Müəllim soyuğun şiddətindən titrəyir,addımlarını atmaz hala gəlir.Tufana düşən müəllim yavaş-yavaş bədənini hiss etməməyə başlayır.Şiddətli yağan qar onun kirpiklərinin üstünü elə örtür ki,artıq qolunu belə qaldırmağa gücü olmayan Ümid müəllim yerə yıxılır.Qalxmağa nə qədər cəhd etsə də ayaqlarını hərəkət etdirə bilmir.Hərəkətsiz qalan bədəni artıq donmağa başlayır.Səhərə qədər yağan qar Ümid müəllimin yorğanı olur.Səhər artıq tufan kəsmişdi.Mən səhər oyandıqdan sonra nəisə içimdə bir narahatlıq hiss edirdim.Pis bir şeyin baş verdiyin hiss edirdim.Ümid müəllimdən də axşamdan narahat idim.Axşam gecəyarısına qədər bir xəbər gözləsəm də olmamışdı.Səhər oyandıqdan sonra yemək yemədən müəllimin evinə getdim.Qapını döysəm də açan olmadı.Düşündüm ki,müəllim bəlkə məktəbə gedib.Gedib məktəbə də baxdım, amma orda da yox idi.Daha da narahat olmağa başladım.Çayxananın qarşısına gəlib Rafiq dayıya da vəziyyəti dedim.Düşündük ki,bəlkə müəllim bu gün gələcək.Gözləməkdən başqa çarə yox idi.Telefonuna da zəng çatmırdı onsuz da.Rafiq dayı yola çıxdıqdan sonra evə gedib gözləməli oldum.Çox keçmədən səhərdən bəri rahatlıq tapmamağımın səbəb indi öyrənmiş oldum.Rafiq dayıgil kənddən təxminən 1km getdikdən sonra yolun içərisində bir qaraltı görüb maşından düşüblər.Yaxınlaşdıqda bunun insan meyidi olduğunu görüblər.Rafiq dayı yaxınlaşaraq meyidin üzün çevirdikdə Ümid müəllim olduğunu görüb.Onun bədəni donmuş vəziyyətdə idi.Hamı təəccüb içərisində idi.Hər kəsin gözündə yaş var idi.Məyusluq içərisində müəllimin yanında dayanmışdılar.

Əgər axşam bilsəydik ki,bizim Ümid müəllimimiz bu haldadı biz evimizdə oturardıqmı heç.Müəllimin meyidinin yanında çantası var idi.Çantasının ağzı açıldığından içindəkilər ətrafa tökülmüşdü.Sizə deyim o çantanın içindəkilər nə idi?Hamısı şagirdlər üçün aldığı kitablar idi.Həə kitablar.Dünənki gecənin müəllim üçün nə qədər çətin olduğunu sizə yazmışdım yuxarıda.İndi düşünün ki,bu vəziyyətdə onun əlində bir də şagirdləri üçün aldığı kitablardan ibarət çantası var idi.Buna görə o həmişə “bizim Ümid müəllimimiz” olaraq qaldı.O,vəziyyət nə olursa olsun bizi düşündü,bizim üçün fədaklıqlar etdi.Bu vaxta qədər heç kimin etmədiklərin etmişdi həmişə.
Bağışla bizi Ümid müəllim.O gecə sən bu vəziyyətdə olanda,bizim uşaqlarımızın üzündə sırf təbəssüm yaratmaq üçün bu kitabla dolu çantanı özünlə bura qədər gətirib çıxardın.Biz heç vaxt sənin haqqını ödəyə bilməyəcəyik.O gündən sonra kəndimiz bir də əvvəlki kimi olmadı.Hər kəs özünü günahkar hiss edirdi.”KAŞ Kİ” bu sözü hər kəs özlüyündə deyirdi.Ümid müəllim köhnə məktəb binasını baxça etmək istəyirdi.Biz onun bu istəyini yerinə yetirərək az da olsa günahımızı silmək istəyirdik.Bütün kənd camaatı birlikdə baxçanı hazır etdik.Baxçaya Ümid müəllimin adın verdik.Qoy onu gələcək nəsillər də tanısın.Gələcəkdə bura gələn uşaqlar bu baxçanın adının niyə “Ümid” olduğunu soruşduqda onlara Ümid müəllimin necə bir insan olduğunu danışıb onlara da tanıdacağıq.
Səni hər zaman gözəl xatırlayacayıq dəyərli insan.
“Yolun düşsə bu dünyaya bir də gəl”

8 Beğeni

Çok güzel yazmışsın.

2 Beğeni